Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən həyata keçirilən Gənclərin Karyera İnkişaf Proqramı çərçivəsində Bakı şəhəri və ölkənin müxtəlif regionlarında gənclərin əmək bazarına hazırlığının artırılmasına və karyera bacarıqlarının inkişafına yönəlmiş təlim və görüşlər davam etdirilir.
Proqram çərçivəsində təşkil olunan fəaliyyətlər indiyədək ümumilikdə 200-ə yaxın gənci əhatə edib.
Təlim və görüşlər zamanı iştirakçılar effektiv iş axtarışı strategiyaları, karyera planlaması, əmək bazarının aktual tələbləri, CV hazırlanması, iş müsahibələrinə hazırlıq və müsahibə bacarıqları, eləcə də komanda işi kimi mühüm mövzular üzrə bilik və bacarıqlarını artırıblar.
İnteraktiv müzakirələr və praktiki tapşırıqlar əsasında təşkil olunan fəaliyyətlər gənclərin nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, onların real iş mühitində qarşılaşa biləcəkləri situasiyalara hazırlıqlı olmalarına şərait yaradır.
Proqramın əsas məqsədi gənclərin karyera planlaması üzrə məlumatlılığını artırmaq, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək bazarına uğurlu inteqrasiyasına dəstək göstərməkdir.
Gənclərin Karyera İnkişaf Proqramı çərçivəsində Bakı şəhəri və regionlarda fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.






