Scroll Top

CAREERLAB ŞƏBƏKƏSİ ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR ÜÇÜN TURİZM SAHƏSİNDƏ KARYERA İMKANLARI MÜZAKİRƏ OLUNUB

IMG_3828.jpg
Bakı Avrasiya Universitetində keçirilən tədbirin əsas məqsədi turizm sektorunda mövcud karyera imkanları, peşəkar inkişaf perspektivləri və sahənin müasir trendləri barədə gəncləri məlumatlandırmaq, eləcə də onların bu istiqamətdə karyera planlamasına dəstək göstərmək olub.
Panel müzakirəsindən əvvəl Bakı Avrasiya Universitetinin rektoru, dosent Səyavuş Qasımov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini, iqtisad elmləri namizədi Ceyhun Hüseynov, Bakı Avrasiya Universitetinin Karyera və Təlim Mərkəzinin müdiri Natiq Xəlilov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən və gənclərin peşəkar inkişafında karyera yönümlü təşəbbüslərin rolundan bəhs ediblər.
Daha sonra “Gənclər üçün turizm sahəsində karyera planlaması” mövzusunda panel müzakirəsi baş tutub. GİKM-nin Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənovanın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qərib, PASHA Travel şirkətinin Brend və Marketinq rəhbəri Cəmilə Əhmədzadə, eləcə də Skal Bakı Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov spiker qismində iştirak ediblər.
Müzakirələr zamanı səyahət və kəşf imkanları, turizm sahəsində influencer marketinqinin rolu, travel bloggerlərlə əməkdaşlıq perspektivləri, eləcə də turizm sektorunda mövcud inkişaf istiqamətləri və gənclər üçün karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində təşkil olunan sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılıb, gənclərə turizm sahəsində peşəkar fəaliyyətə başlamaq və inkişaf etmək üçün tövsiyələr verilib.