Scroll Top

“CAREERLAB” ŞƏBƏKƏSİ AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİNDƏ UĞURLA HƏYATA KEÇİRİLİB

IMG_1964

“CareerLAB” şəbəkəsi çərçivəsində növbəti maarifləndirici və karyera yönümlü tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində uğurla təşkil olunub. Bu dəfə keçirilən panel müzakirəsi informasiya texnologiyaları və süni intellekt sahəsində karyera qurmaq istəyən gəncləri bir araya gətirib.

Tədbirin əsas məqsədi gənclərə müasir əmək bazarının tələbləri, xüsusilə sürətlə inkişaf edən rəqəmsal texnologiyalar və süni intellekt sahəsində mövcud imkanlar barədə ətraflı məlumat vermək, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməyə dəstək olmaq olub.

Panel müzakirəsi zamanı iştirakçılara informasiya texnologiyaları və süni intellekt sahəsində aktual trendlər, əmək bazarında tələb olunan əsas kompetensiyalar, eləcə də bu sahədə uğurlu karyera qurmaq üçün atılmalı addımlar barədə geniş məlumat təqdim edilib. Eyni zamanda, iştirakçılar proqramlaşdırma, məlumat analitikası, maşın öyrənməsi və digər istiqamətlər üzrə inkişaf yolları ilə tanış olublar.

Tədbirdə iştirak edən sahə üzrə mütəxəssislər öz real iş təcrübələrini bölüşərək gənclərə praktiki tövsiyələr veriblər. Onlar karyera planlaması, düzgün istiqamət seçimi, davamlı öyrənmənin əhəmiyyəti və şəxsi inkişafın vacibliyi kimi mövzulara toxunublar. Panel çərçivəsində keçirilən interaktiv müzakirə sessiyası isə gənclərə onları maraqlandıran sualları birbaşa mütəxəssislərə ünvanlamaq imkanı yaradıb.